Bioetika

Hippokrat II Artakserksin hədiyyələrindən imtina etdi

Bioetika — biologiya və tibb elminin, səhiyyə praktikasının ən yeni nailiyyətlərinin yaratdığı müxtəlif əxlaqi problemlərin dərki, müzakirəsi və həlli ilə bağlı fənlərarası tədqiqatlar, açıq müzakirələr və siyasi qərarlar sahəsi.

"Bioetika" terminini ilk dəfə 1970-ci ildə Amerika biokimyaçısı V. R. Potter (1911–2001) işlətmişdir. O, Bioetikanı yaxın perspektivdə insanın ləyaqətli həyat keyfiyyəti ilə təmin olunması naminə onun bioloji növ kimi sağ qalması vəzifəsinin həlli üçün bioloji elmlərini etika ilə birləşdirən elmi tədqiqatlar sahəsi olaraq müəyyənləşdirmişdir. Təxminən həmin vaxtda amerikalı həkim A. Hellegers (1926–79) Bioetikanın başqa şərhini vermişdir. O, Bioetikanı yüksək texnoloji təbabətin doğurduğu əxlaqi konfliktlərin dərki və həllinin yeni üsulu kimi təqdim etmişdir. Məhz A. Hellegers ona akademik status vermiş, onun bioloji və tibb elmlərində, siyasətdə və KİV-də qəbul edilməsinə kömək etmişdir. A. Hellegersin Bioetika anlamı zaman keçdikcə üstünlük qazandı. 1960-cı illərin sonu — 1970-ci illərin əvvəllərində ABŞ-də Bioetika problemləri ilə məşğul olan ilk mərkəzlər yaradıldı. Bioetika mövcudluğunun ilk onilliyində əsasən ABŞ-də inkişaf etdi, sonra tədricən Qərbi Avropa və dünyanın digər regionlarında kök saldı. 1992 ildə bioetiklərin hər iki ildən bir ümumdünya konqresini keçirən Beynəlxalq Assosiasiyası təşkil olundu. Bioetikanın çoxlu dövri nəşri var. Onlardan ən nüfuzluları: "Bioethics" (1987, Lankaster; 1992 ildən Bioetiklərin Beynəlxalq Assosiasiyasının orqanı), "The Hastings Center Report" (1971, Garrison; N. Y.), "Journal of Medical Ethics" (1975, L.). Lakin Bioetika bütövlükdə ciddi və ümumi qəbul olunmuş konseptual aparatı olan elmi fənn kimi deyil, bir qayda olaraq, sadə və birmənalı həlli olmayan etik və hüquqi problemlərin daim genişlənən və mürəkkəbləşən sahəsi kimi mövcuddur. Bioetikanın ən mühüm məqamlara görə bir-birindən prinsipcə fərqlənən çoxlu variasiyası mövcuddur. Bioetika öz başlanğıcını ən azı Hippokratdan götürən ənənəvi tibbi etikanın davamı sayıla bilər, lakin mühüm fərqlər vardır. Ənənəvi tibbi etika korporativ xarakter daşıyırdı və bundan çıxış edirdi ki, həkim və pasiyentin qarşılıqlı münasibətlərində həkim mənəvi cavabdehlik daşıyan agentdir. Bioetika üçün isə, əksinə, mənəvi əhəmiyyətli və həyat üçün vacib qərarlar qəbuletmədə həm həkim, həm də pasiyent iştirak edir, deməli, məsuliyyət yükü hər iki tərəf arasında bölüşdürülür. Bir çox hallarda pasiyent (sınanan) ilə həkimin (yaxud tədqiqatçının) qarşılıqlı münasibətlərinə üçüncü tərəf qismində etika komissiyası (komitə) da qoşulur.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy